DÜNYA
Malayziya təyyarəsinə aid olduğu güman edilən daha bir parça tapılıb
Bakı, 3 avqust, AZƏRTAC
Hind okeanında ötən il yoxa çıxan Malayziya təyyarəsinə aid olduğu güman edilən yeni bir parça tapılıb.
AZƏRTAC Euronews-a istinadla xəbər verir ki, Fransaya məxsus Reunion adasında tapılan qanad parçasının üzərindəki Çin yazıları diqqət çəkib. Axtarış işləri Reunion adasında daha da sıxlaşdırılıb. Qanad parçası Fransanın Tuluza şəhərində araşdırılacaq.
Qeyd edək ki, ötən il martın 8-də Kuala-Lumpurdan Pekinə uçan Malayziya Hava Yolları şirkətinə məxsus “Boeing 777” tipli sərnişin təyyarəsi heç bir təhlükə siqnalı vermədən radarların ekranlarından yoxa çıxıb. Lakin sonradan süni peyklərdən alınan məlumatların təhlili göstərib ki, təyyarə kəskin dönüş edərək Hind okeanına istiqamət götürüb və burada qəzaya uğrayaraq batıb. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olub. Təyyarənin tapılması üçün aparılan araşdırmalar isə heç bir nəticə verməyib.