DÜNYA
Malayziyada tarixdə ən böyük kərgədan buynuzu qaçaqmalçılığının qarşısı alınıb
Tokio, 22 avqust, AZƏRTAC
Malayziyanın xüsusi xidmət orqanları Kuala Lumpur beynəlxlaq aeroportunun yük terminalında tarixdə ən böyük kərgədan buynuzu qaçaqmalçılığını aşkar ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə TRAFFIC fauna və floranın aztapılan növlərinin monitorinqi beynəlxalq proqramının saytı məlumat yayıb.
Qaçaq mal avqustun 13-də “Pos Aviation” şirkətinin rəsmiləri aeroportun azad ticarət zonasında yüklərdən birini təhlil edərkən aşkar edilib. Bundan sonra Malayziya Kral Gömrük Xidmətinə məlumat verilib və Malayziya yarımadasının vəhşi təbiət və milli parklar departamenti (DWNP) məsələyə müdaxilə etməli olub. DWNP-nin məlumatına əsasən, aşkar edilən qaçaqmal partiyasının dəyəri 48,5 milyon rinqit (təqribən 12 milyon dollar) təşkil edir.
Yükün Hanoya göndərilməsi planlaşdırılırmış. Konteynerlərdə, eyni zamanda, doqquz vəhşi heyvan cəmdəyi də aşkar edilib. Yükün qoşma sənədlərinin də saxta olduğu müəyyən edilib. Hazırda məsələ ilə bağlı təhqiqat aparılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio