DÜNYA
Malidə parlament seçkilərində hakim “Mali uğrunda birlik” partiyası qalib gəlmişdir
Bakı, 18 dekabr (AZƏRTAC). Bazar günü, dekabrın 15-də Malidə parlament seçkilərinin ikinci turu keçirilmişdir. Seçkilərdə dövlət başçısı İbrahim Bubakar Keytin rəhbərlik etdiyi “Mali uğrunda birlik” partiyası və onun siyasi müttəfiqləri qalib gəlmişdir. Bu məlumatı ölkənin ərazi idarəetmə naziri Musa Sinko Kulibali elan etmişdir.
“Mali uğrunda birlik” partiyası və mövqeyi ona yaxın olan “Malidə demokratiya uğrunda alyans” partiyası Mali Milli Məclisindəki 147 deputat mandatından 110-dan çoxunu qazanmışdır. Müxalifətçi “Respublika və demokratiya uğrunda ittifaq” bloku parlamentdə 20-dən az kürsüyə sahib olmuşdur.
Hakimiyyət orqanlarının məlumatına görə, seçkilərin birinci turunda (noyabrın 28-də) səsverməyə gələn seçicilərin sayı 38,6 faiz, ikinci turda isə 37,2 faiz olmuşdur.
Səsvermənin nazir tərəfindən elan edilmiş nəticələri Mali Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilməlidir. Yalnız bundan sonra Milli Məclisin yeni heyəti fəaliyyətə başlaya bilər.
Beynəlxalq müşahidəçilərin, o cümlədən Avropa İttifaqını təmsil edən müşahidəçilərin rəyinə görə, bu seçkilər şəffaf və beynəlxalq normalara müvafiq olmuşdur.
Regional şərhçilərin fikrincə, bu parlament seçkilərinin yekunları Malidə dövlət hakimiyyət orqanlarının möhkəmlənməsinə və ölkənin şimal vilayətlərində sülhün və sabitliyin bərqərar olmasına yönəldilmiş milli dialoq prosesinin uğur qazanmasına şərait yaradacaqdır.
Həmin ərazilərdə 2012-ci ildən hökumət qoşunları ilə silahlı qruplaşmalar arasında münaqişə güclənməkdədir.