İQTİSADİYYAT
Maliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 1 may (AZƏRTAC). Mayın 1-də Maliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbiri giriş sözü ilə açan maliyyə naziri Samir Şərifov müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat yolundan, vətən və xalq qarşısında tarixi xidmətlərindən bəhs etmişdir. Qeyd etmişdir ki, Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrində dirçəliş Ulu Öndərin adı ilə bağlıdır: Məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı inkişafı üçün möhkəm zəmin yaratmışdır. Nazir bildirmişdir ki, bu gün Heydər Əliyev şəxsiyyəti və siyasəti yalnız Azərbaycan çərçivəsində deyil, ümumiyyətlə regional və qlobal miqyasda dəyərləndirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yeni inkişaf dövrünü yaşadığını qeyd edən S.Şərifov son illərdə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlərin Azərbaycanın gələcəkdə də siyasi, iqtisadi, sosial, mədəni sahələrdə və beynəlxalq münasibətlərdə daha böyük uğurlar qazanacağına zəmin yaratdığını vurğulamışdır.
Sonra AMEA-nın Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş çıxış etmişdir.
Tədbirin sonunda Ümummilli Liderin 90 illik yubileyi ilə əlaqədar Maliyyə Nazirliyi tərəfindən “Heydər Əliyevin maliyyə sisteminin inkişafındakı rolu”na həsr olunmuş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılmışdır. Müsabiqədə birinci yerə “Heydər Əliyevin maliyyə sisteminin inkişafındakı rolu” məqaləsi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Lalə Rzazadə, ikinci yerə “Maliyyə sabitliyi iqtisadi strategiyanın başlıca prioriteti kimi” məqaləsi ilə “Üç nöqtə” qəzetinin müxbiri Əfsun Sucayev və üçüncü yerə “Azərbaycan iqtisadiyyatında məqsədyönlü maliyyə siyasətinin işlənib hazırlanması Heydər Əliyevin adı ilə bağlıdır” məqaləsi ilə “Modern.az” saytının müxbiri Pərvin Məmmədova layiq görülmüşdür.
Qaliblər diplom və mükafatlarla təltif olunmuşdur.