İQTİSADİYYAT
“Maliyyə vəsaitlərinin səmərəli şəkildə cəlb edilməsi. Beynəlxalq və yerli bazarlar” mövzusunda seminar keçiriləcəkdir
Bakı, 16 oktyabr (AZƏRTAC). “Paşa Bank” ASC-nin sponsorluğu, Azərbaycandakı Avropa İqtisadiyyat, Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə oktyabrın 19-da Bakıda “Maliyyə vəsaitlərinin səmərəli şəkildə cəlb edilməsi. Beynəlxalq və yerli bazarlar” mövzusunda seminar keçiriləcəkdir.
Seminar Azərbaycanda və xaricdə orta və iri layihələri maliyyələşdirən beynəlxalq kapital bazarlarından pul vəsaitlərinin cəlb edilməsində marağı olan şirkətlərin və holdinqlərin sahibkarları, baş icraçı direktorları və maliyyə departamentlərinin direktorları üçün nəzərdə tutulmuşdur.
Seminarda əsas diqqət yerli şirkətlər üçün sərfəli maliyyə mənbəyi olan beynəlxalq bazarlara yönəldiləcəkdir.
Seminarda aparıcı beynəlxalq maliyyə və hüquq konsaltinq şirkətlərini təmsil edən (Grant Thornton, Simmons&Simmons və s.) yüksək səviyyəli konsultantlar təcrübələrini bölüşəcəklər.