MƏDƏNİYYƏT
Malta Milli Kitabxanasının Azərbaycan bölməsinə ilk kitablar təqdim edilib
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildiriblər ki, kitabxananın məsul şəxsi Cheryl Falzon Azərbaycan nümayəndə heyətinə kitabxana haqqında məlumat verib. Bildirilib ki, milyonlarla oxucusu olan kitabxanada ingilis, italyan, fransız və alman dillərində minlərlə kitab toplanıb.
Nümayəndə heyətinin rəhbəri, gömrük xidməti general-mayoru Qambay Əliyev ölkəmizin tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri və incəsənət xadimləri haqqında bütöv bir kitab kolleksiyasını kitabxanaya təqdim edib. Kolleksiyaya Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, eləcə də Bakıdan, milli xalça məktəbindən bəhs edən nəşrlər də daxildir. Eyni zamanda, kitabxanaya artıq 20 ildən çoxdur Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan, Azərbaycan mədəniyyətinin beşiyi və ən qədim şəhərlərindən biri olan Şuşa haqqında kitablar da verilib.
Cheryl Falzon belə dəyərli hədiyyəyə görə Azərbaycan nümayəndə heyətinə təşəkkür edib və bildirib ki, bunlar kitabxananın Azərbaycan bölməsində ilk kitablar olacaq.