İQTİSADİYYAT
Marneulidə suvarma suyu ilə bağlı problemi yaranmışdır
Marneuli, 19 iyul (AZƏRTAC). Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonunda suvarma suyu qıtlığı yaranmışdır.
Rayonun Qaçağan, Təkəli, Xancığazlı və Kirəç-Muğanlı kəndlərinin 14 min hektar torpaq sahəsi Ermənistandan gələn Debeda çayının suyu ilə suvarılır. Son günlər çayda suyun səviyyəsinin kəskin şəkildə azalması nəticəsində meyvə bağları və bostan sahələrinin məhv olmaq təhlükəsi yaranmışdır. Əhali bu məsələ ilə əlaqədar Gürcüstan parlamentinin sədri David Usupaşviliyə müraciət etmiş və spiker təcili tədbir görülməsi üçün müvafiq təşkilatlara göstəriş vermişdir.
Marneuli şəhərində həmin kəndlərin sakinləri ilə rayon su təsərrüfatı idarəsinin rəisi Georgi Çanturia və David Usupaşvilinin lideri olduğu Respublikaçılar Partiyasının Marneuli rayon təşkilatının rəhbəri Kamil Əliyevin görüşü keçirilmiş, vəziyyətin qaydaya salınması üçün fikir mübadiləsi aparılmışdır.
Rayon su təsərrüfatı idarəsinin rəisi Georgi Çanturiya çıxış yolunu əlavə su nasoslarının quraşdırılmasında gördüyünü vurğulamış və tezliklə bu işə başlanacağını qeyd etmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Marneuli