ELM VƏ TƏHSİL
Martın 5-6-da keçirilmiş imtahanların nəticəsinin aprelin 1-də elan olunması nəzərdə tutulur
Bakı, 31 mart, AZƏRTAC
Martın 5-6-da keçirilmiş imtahanların nəticəsinin aprelin 1-də gün ərzində elan olunması nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Xatırladaq ki, martın 5-də Bakı şəhərinin Nərimanov, Qaradağ, Xəzər, Yasamal rayonlarında, Gəncə şəhərinin Kəpəz rayonunda, Ağdam, Ağdaş, Balakən, Biləsuvar, Göyçay, İmişli, Qax, Qazax, Qusar, Yevlax rayonlarında, Lənkəran və Şirvan şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. Bundan əlavə, Zaqatalada tədrisi gürcü dilində olan məktəblərin şagirdləri imtahan veriblər.
Martın 6-da Bakı şəhərinin Binəqədi, Nizami, Suraxanı rayonlarında, Ağstafa, Beyləqan, Cəlilabad, Füzuli, Kürdəmir, Neftçala, Oğuz, Saatlı, Siyəzən, Şabran, Ucar, Xızı, Zaqatala rayonlarında, Gəncə (Nizami), Sumqayıt şəhərlərində, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.