İQTİSADİYYAT
Masallıda “İstehlakçı hüquqlarının qorunması: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilmişdir
Masallı, 22 aprel (AZƏRTAC). Aprelin 22-də Masallı rayonunda “İstehlakçı hüquqlarının qorunması: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilmişdir.
Konfransda Səhiyyə, Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Masallı Şəhər İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 250-dən çox istehlakçı iştirak etmişdir.
AZƏRTAC xəbər verir ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirmişdir ki, Dövlət Xidməti tərəfindən təkcə bu ilin ilk 3 ayı ərzində istehlakçıların maarifləndirilməsi məqsədi ilə 10 adda 10 min ədəd buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 600 ədəd yaddaş kitabçası çap edilərək sahibkarlara və istehlakçılara paylanmışdır. Birinci rüb ərzində Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 27,6 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilmişdir. Qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektləri barəsində Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ümumilikdə 338 qərar qəbul olunmuş və inzibati xətaya yol vermiş şəxslərə 381 min manat cərimə kəsilmişdir. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiklərinə görə 19 təsərrüfat subyektinə 98,9 min manat maliyyə sanksiyası tətbiq edilmişdir.
Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndələri “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli?”, “Mal (iş, xidmət) alarkən müqavilə bağlamağı unutmayın” mövzularında məruzələrlə çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırmışlar.