REGİONLAR
Masallıda koronavirus infeksiyası ilə mübarizə məqsədilə yaradılmış rayon qərargahının növbəti onlayn iclası keçirilib
![Masallıda koronavirus infeksiyası ilə mübarizə məqsədilə yaradılmış rayon qərargahının növbəti onlayn iclası keçirilib](/files/2020/1/1200x630/15878295922219856563_1200x630.jpg)
Masallı, 25 aprel, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon İcra Hakimiyyətində koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə yaradılmış rayon qərargahının növbəti onlayn iclası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərlərinin, şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin, icma sədrlərinin və məktəb direktorlarının iştirak etdiyi onlayn islada rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını alınması üçün Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirtdiyini bildirib. Mayın 4-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Həyata keçiriləcəyi əvvəlcədən planlaşdırılan kütləvi tədbirlər, eyni zamanda, daxili iclaslar, qapalı yerlərdə həyata keçirilən vətəndaşların qəbulu və səyyari görüşlər təxirə salınıb.
Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Masallı Rayon İcra Hakimiyyətində iclas və qəbullar yeni formatda həyata keçirilir.
Ş.Məmmədov rayonun yaşayış məntəqələrində xüsusi karantin rejiminin tələblərinin təmin olunması, əhalinin maarifləndirilməsi və tibbi dezinfeksiya işlərinin görülməsi ilə bağlı tapşırıqlar verərək qeyd edib ki, ərazidə yüksək hərarəti olan vətəndaşlar müəyyən edildikdə dərhal təcili yardıma və rayon icra hakimiyyətində yaradılmış operativ qərargaha məlumat verilməlidir.
İcra başçısı deyib: “Koronavirus infeksiyasına yoluxması aşkar edilmiş vətəndaşın ünsiyyətdə olduğu digər vətəndaşlar haqqında operativ məlumat toplanmalıdır. Koronavirus infeksiyası aşkarlanmış xəstələrin yoluxmamış insanlardan tam izolyasiya olunmasına, həmin ocaqda xəstəliyin ləğvinə yönəldilmiş epidemiya əleyhinə rejim (karantin) tətbiq edilərək epidemiya ocağında xüsusi dezinfeksiya işləri aparılmasına şərait yaradılmalıdır. Rayon Gigiyena və Epidemiologiya Mərkəzi və Rayon Dezinfeksiya Stansiyası ərazilərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirdiyi zaman ərazidə yerləşən ictimai iaşə və ticarət obyektlərinin, bankomatların, terminalların, bir sözlə, əhalinin kompakt toplaşdığı bütün yerlərin, həmçinin küçə və məhəllə arası yolların dezinfeksiya edilməsi işinə nəzarət gücləndirilməlidir”.
Qeyd olunub ki, xüsusi karantin rejimi dövründə rayon ərazisində 10 mindən çox aztəminatlı ailələrə ərzaq və maddi yardım göstərilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-məşğul şəxslərə birdəfəlik vəsaitin köçürülməsi prosesi davam etdirilir.
İndiyədək Masallı rayonunda 2445 nəfər işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı vətəndaşlar 190 manat birdəfəlik vəsait alıb.
Bildirilib ki, məktəblilər “Evdə qal, dərsdən qalma” təşəbbüsünə daha aktiv qoşulmalı, ərazi nümayəndələri, valideynlərlə bu barədə maarifləndirmə işləri aparmalı, şagirdlərin onlayn qaydada dərslərə davam etməsinə nəzarəti gücləndimək məqsədilə məktəb direktorları valideynlərlə əlaqəni daha da möhkəmləndirməlidirlər.
Rayon Gənclər İdarəsinin 25 aprel-10 may 2020-ci il tarixlərdə 14-29 yaşlı gənclər arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş onlayn qaydada “Evdə qal, evdə yarat”, “Rəsm və əl işləri” müsabiqələri haqqında gənclər məlumatlandırılmalıdırlar .Onlayn iclasda, həmçinin rayonda kənd təsərrüfatı işlərinin gedişi müzakirə olunub.
Yaz-tarla işlərinin optimal müddətdə aparılması, sahələrdə tərəvəz əkinlərinə hazırlıq işləri ilə əlaqədar tapşırıq və tövsiyələrini verən icra başçısı bildirib ki, Masallı böyük kənd təsərrüfatı rayonudur. Son illər rayonda tərəvəzçilik, çəltikçilik, tütünçülük və çayçılıq inkişaf etdirilib.
Cari ildə də əkin sahələrinə diqqət artırılmalıdır. Fermerlər məhsuldarlığı artırmalı, torpağı əkinə keyfiyyətli hazırlamalı, kartofçuluğun, çiyələkçiliyin inkişafı ildən-ilə artırılmalı və bu sahədən əldə olunan gəlir çoxalmalıdır.
Hazırda barama saxlanılacaq yerlər hazırlanır. Rayon üzrə 37 ərazidə barama saxlanılması nəzərdə tutulub.
Təcrübəli kümçülər bu il daha çox fəallıq göstərməlidirlər.
Bir neçə gündür ki, rayonda çiyələk məhsulunun nübar yığımına başlanılıb. Bir azdan intensiv yığım mövsümü başlanacaq və çiyələk yığımı sentyabra kimi davam edəcək.