ELM VƏ TƏHSİL
Masallıda “Müasir şəraitdə Azərbaycan tarixi, dili, ədəbiyyatı və fəlsəfəsi qarşısında duran yeni vəzifələr” mövzusunda konfrans keçirilmişdir
Masallı, 7 mart (AZƏRTAC). Masallı şəhərində gənc alimlərin II respublika elm festivalı çərçivəsində “Müasir şəraitdə Azərbaycan tarixi, dili, ədəbiyyatı və fəlsəfəsi qarşısında duran yeni vəzifələr” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti (AGAAMC), AMEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzi, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə tədqiqat aparan, eləcə də ali təhsil müəssisələrində çalışan gənc alimlər iştirak etmişlər.
Toplantıda AGAAMC-nin sədri İlqar Orucov bildirmişdir ki, Prezident İlham Əliyev Azərbaycan elminin inkişafına daim diqqət və qayğı göstərir. Qeyd olunmuşdur ki, Azərbaycan elminə göstərilən qayğı alimlərimizin elmi tədqiqatlarının respublikamızın hüdudlarından kənarda da uğurlar qazanmasına səbəb olmuşdur. Azərbaycan alimlərinin elmi tədqiqatları dünyanın bir çox ölkəsinin elmi mərkəzlərində, simpozium və konfranslarda maraqla dinlənilir.
Bildirilmişdir ki, ölkəmizdə gənclərə və gənc alimlərə dövlət qayğısı gündən-günə artmaqdadır. Dövlət gənclər siyasəti ölkəmizdə, o cümlədən Masallı rayonunda da uğurla icra olunur.
Masallı Olimpiya Kompleksi, Masallı Gənclər Mərkəzi gənclərin istifadəsinə verilmişdir. Bu yaxınlarda taekvondo və boks mərkəzlərinin tikintisi başa çatdırılacaqdır. Boradigah qəsəbəsində Olimpiya İdman kompleksinin tikintisi isə davam etdirilir.
İki gün davam edən tədbirdə gənc alimlərin Azərbaycan tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti və folkloru ilə bağlı elmi əsərləri barədə iştirakçılara məlumat verilmişdir.