SİYASƏT
MASALLIDA RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ MƏRASİM KEÇİRİLMİŞDİR
Masallı, 29 may (AZƏRTAC). Masallı şəhərindəki Heydər Əliyev parkında 28 May - Respublika gününə həsr olunmuş mərasim keçirilmişdir.
Tədbir iştirakçıları ümummilli liderin buradakı abidəsinin önünə gül dəstələri düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Masallı rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək əlamətdar gün münasibətilə masallıları təbrik etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, imperiya buxovlarından qurtularaq yenidən özünün müstəqilliyinə qovuşan ölkəmizi məhv olmaq təhlükəsindən xilas edən ümummilli lider Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən danışmış, dövlətimizin baçşısı İlham Əliyevin respublikamızın dinamik inkişafına və xalqımızın həyat səviyyəsinin yaxşılaşmasına xidmət edən siyasi kursunu yüksək qiymətləndirmişdir.
Mərasimdə rayonun musiqi kollektivləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.