ELM VƏ TƏHSİL
Masaüstü kompyuterlər korporativ istifadəçilər üçün prioritet olaraq qalır
Bakı, 30 sentyabr, AZƏRTAC
Portativ qurğuların artmaqda olan populyarlığına baxmayaraq masaüstü kompyuterlər korporativ istifadəçilər üçün prioritet olaraq qalır. Bu barədə Avropa şirkətlərinin 600 rəhbər və meneceri arasında sorğu keçirən “IDC” analitik şirkətinin hesabatında deyilir.
AZƏRTAC "DailyComm” saytına istinadla xəbər verir ki, respondentlərin 84 faizi iş məqsədləri üçün fərdi kompyuter almaq imkanını nəzərdən keçirdiklərini, çünki onların məhsuldarlığı, möhkəmliyi, uzunmüddətli istismarı və qiymətinin ucuz olması ilə seçildiyini bildiriblər.
Tədqiqatdan məlum olub ki, masaüstü kompyuterlərin orta istismar müddəti portativ qurğuların istismar müddətindən bir il çoxdur. Bu da şirkətlərə ümumi xərcləri azaltmağa imkan verir.
“Qiymətinin aşağı olması və möhkəmlilik fərdi kompyuterləri büdcəsi məhdud şirkətlər üçün ən yaxşı seçim edir. Bundan başqa, masaüstü kompüterlərin yüksək mühafizəsi sığorta, maliyyə və bank işi bazarlarını təmsil edən şirkətlər, eləcə də dövlət müəssisələri üçün əlverişlidir”, - deyə “IDC” analitiki Masik Qorninski bildirib.
Həmçinin sorğunun nəticələrindən bəlli olub ki, şirkətlərin 40 faizi kompyuterləri yaxın bir ildə “Windows 10” əməliyyat sisteminə keçirməyə hazırlaşır.