DÜNYA
Matua adasında yapon hərbçisinə məxsus iqamətgahın qalıqları aşkarlanıb
Bakı, 27 iyul, AZƏRTAC
Rusiya Federasiyası Müdafiə Nazirliyinin və Rusiya Coğrafiya Cəmiyyətinin əməkdaşlarından ibarət ikinci ekspedisiya tərəfindən Matua adasında bir sıra tarixi faktlar aşkarlanıb.
AZƏRTAC runews24.ru saytına istinadla xəbər verir ki, ekspedisiya zamanı Kuril adaları qrupuna daxil olan bu adada Yaponiya qarnizon rəisinə məxsus iqamətgahın qalıqları tapılıb. Aşkarlanan obyekt müxtəlif sursatlarla və yeraltı keçidlərlə təchiz edilib. Bundan başqa, adada 110 metr dərinlikdə sualtı qayığa oxşayan obyekt də aşkarlanıb.
Hazırda Matua adasında arxeoloqlar, torpaqşünaslar, sualtı işləri mütəxəssisləri, hidrogeoloqlar və vulkanoloqlar çalışırlar. Moskva, Vladivostok, Kamçatka və Saxalindən adaya gələn mütəxəssislər burada dəniz sakinlərinin atlası üçün materiallar toplamaq niyyətindədirlər.
Ekspedisiya sentyabr ayına qədər davam edəcək.