SİYASƏT
MDB-nin iqamətgahında profil məsələlərə dair məsləhətləşmələr keçiriləcəkdir
Minsk, 26 yanvar (AZƏRTAC). MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 29-30-da təşkilatın Belarusun paytaxtında yerləşən iqamətgahında Birliyin xarici siyasət idarələrinin departament (idarə) rəhbərləri səviyyəsində “MDB çərçivəsində qarşılıqlı fəaliyyət haqqında” mövzusunda xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcəkdir.
Rusiya tərəfinin təklif ilə məsləhətləşmələrin gündəliyində aşağıdakı məsələlər durur: MDB çərçivəsində qarşılıqlı fəaliyyət haqqında; Azad ticarət zonası haqqında müqavilənin qüvvəyə minməsi barədə; 1941-1945-ci illərin Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyi bayramına hazırlıq haqqında; 2013-cü il aprelin 5-də Daşkənddə MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasına hazırlıq haqqında; cari il üçün Birlik çərçivəsində xarici işlər nazirlikləri arasında çoxsəviyyəli məsləhətləşmələr planı layihəsinin razılaşdırılması haqqında.
Yanvarın 30-31-də isə Minskdə MDB İcraiyyə Komitəsində cinayət işləri üzrə maddi sübut olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silah və döyüş sürsatlarının, partladıcı maddələrin və partaladıcı qurğuların Birliyin iştirakçısı olan dövlətlərin səlahiyyətli orqanları tərəfindən təhvil verilməsi mexanizmi haqqında Protokol layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun əlavə iclası keçiriləcəkdir.
Görüşdə ekspertlər Protokol layihəsi barədə sənəd dövlətlər daxilində razılaşdırıldıqdan sonra ölkələrdən alınmış irad və təklifləri nəzərdən keçirmək niyyətindədirlər.
Xatırladırıq ki, Protokola görə, ölkələr cinayət işləri üzrə maddi sübut olan narkotik maddələri və silahları gələcək təhqiqat üçün cinayət işi materialları ilə birlikdə öz səlahiyyətləri orqanları vasitəsilə bir-birinə təhvil verəcəklər. Belə mübadilə tərəflərin səlahiyyətli orqanları arasında sorğular əsasında həyata keçiriləcəkdir.
Qəti razılaşmadan sonra ekspertlərin protokol layihəsini müəyyən olunmuş qaydada MDB Dövlətləri Başçıları Şurasının müzakirəsinə çıxarması planlaşdırılır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk