SİYASƏT
MDB XƏBƏRLƏRİ
Minsk, 8 sentyabr (AZƏRTAC). MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən (Minsk) verilən məlumata görə, Sankt-Peterburqda “MDB və Baltikyanı ölkələr birliyinin çempionlar kuboku” Beynəlxalq futbol turnirinin keçirilməsi haqqında Birlik üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının Qərarının layihəsinin tamamlanması üzrə İşçi qrupun iclası olmuşdur. İşçi qrupunun sədri vəzifəsinə Sankt-Peterburq Futbol Federasiyasının kütləvi futbol komitəsinin rəhbəri Dmitri Şneyder seçilmişdir.
MDB-də bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Sazişin iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının tapşırığına əsasən, Rusiya Futbol İttifaqı “MDB və Baltikyanı ölkələr birliyinin çempionlar kuboku” Beynəlxalq futbol turniri haqqında Əsasnamənin layihəsini hazırlamış və onu İşçi qrupunun müzakirəsinə təqdim etmişdir.
Rusiya tərəfi turnirin adının dəyişdirilməsini təklif etmişdir. İndi həmin turnir “MDB və Baltikyanı ölkələr birliyinin çempionlar kuboku” Beynəlxalq açıq futbol turniri adlanacaqdır.
Turnir haqqında Əsasnamənin də adını dəyişərək, “MDB və Baltikyanı ölkələr birliyinin çempionlar kuboku” Beynəlxalq açıq futbol turnirinin ümumi reqlamenti adlandırmaq təklif edilmişdir. Müzakirələr prosesində bildirilmiş iradlar və təkliflər nəzərə alınmaqla, reqlament layihəsi tamamlanmış və razılaşdırılmışdır.
İşçi qrupunun üzvləri MDB ölkələrinin Dövlət Başçıları Şurasının bu məsələyə dair qərarının layihəsini də tamamlamış və razılaşdırmışlar.
İclasda MDB-də bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Sazişin iştirakçısı olan dövlətlərin – Azərbaycan, Belarus, Qırğızıstan, Moldova, Rusiya və Türkmənistanın, habelə MDB üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak etmişlər.
X X X
Eyni mənbədən verilən məlumata görə, sentyabrın 8-dən Minskdə MDB Orqanlarında Məxfi İnformasiyanın Qorunması haqqında Sazişin və Birlik Orqanlarında Məxfi İnformasiya ilə Davranış Qaydalarının layihələrinin tamamlanması və razılaşdırılması üzrə İşçi qrupunun iclası işə başlamışdır. İclas ayın 10-da başa çatacaqdır.
Zeynal Ağazadə
AZƏRTAC –ın xüsusi müxbiri
Minsk