SİYASƏT
MDU-nun tarix fakültəsi ilə RAGT arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır
Bakı, 5 noyabr (AZƏRTAC). “Vestnik Kavkaza” nəşrinin (http://vestikavkaza.ru/articles/obshestvo/msk/45732.html) saytında “Ölkənin gələcəyə gedən yolu” adlı məqalə yerləşdirilmişdir. Məqalədə deyilir ki, MDU-nun tarix fakültəsində bu fakültə ilə Rusiyanın Azərbaycan Gənclər Təşkilatı arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Sənəddə Azərbaycan tarixinin, mədəniyyətinin, Azərbaycan diasporunun tarixinin öyrənilməsi sahəsində birgə tədqiqatlar aparılması nəzərdə tutulur. Saziş “Azərbaycan: 20 il müstəqillik - ölkənin gələcəyə gedən yoludur” konfransı çərçivəsində imzalanmışdır.
MDU-nun tarix fakültəsi dekanının müavini, “Vestnik Kafkaza” nəşrinin baş redaktoru Aleksey Vlasov müqavilənin imzalanması mərasimindəki çıxışında qeyd etmişdir ki, Rusiyanın Azərbaycan Gənclər Təşkilatı iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmlənməsində çox böyük rol oynayır. Onun nümayəndələri mühüm inteqrasiya ideyasının daşıyıcılarıdır. Bu ideya, dəbdə olan ifadə ilə desək, həm iqtisadiyyatda, həm siyasətdə, həm də sosial sahədə Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə əlavə dəyər yaradır.
O demişdir: “Bu saziş tarix fakültəsinin birlik ölkələrindən olan strateji tərəfdaşlarımızı təmsil edən gənclər təşkilatları ilə imzaladığı ilk sazişdir. Bu sazişdə Azərbaycan tarixinin, Azərbaycan dilinin, Rusiyada azərbaycanlıların diasporunun tarixinin öyrənilməsi sahəsində birgə tədqiqatlar aparılması, birgə tədbirlər, “dəyirmi masa”lar, konfranslar keçirilməsi, birgə nəşrlər buraxılması - bir sözlə, indiyədək RAGT-ni və tarix fakültəsini, həmçinin Ümumrusiya Azərbaycanlılar Konqresini və Azərbaycan Respublikasının Rusiyadakı səfirliyini daim düşündürən kompleks məsələlər razılaşdırılmışdır. İndi mən belə güman edirəm ki, iki ölkənin rifahı naminə fəaliyyətimiz sistemli zəmində həyata keçiriləcəkdir. Mən MDU-nun tarix fakültəsi dekanının müavini kimi bu sənədi imzaladığıma sevinirəm. Düşünürəm ki, bu, əməkdaşlığımızda çox mühüm mərhələnin başlanğıcıdır. Bu zalda əyləşənlər sənəddən çox faydalanacaqlar.
Rusiya Azərbaycan Gənclər Təşkilatının üzvü Hikmət Nağdəliyev və Rusiya Dövlət Humanitar Universiteti yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl Ağakişiyev öz çıxışlarında qeyd etmişlər ki, Azərbaycan tələbə təşkilatı elə səviyyəyə yüksəlmişdir ki, bu gün MDU-nun tarix fakültəsi ilə saziş bağlayır. Bu, çox böyük nailiyyətdir.
Nəşr yazır: “Onlar əmin olduqlarını bildirmişlər ki, bu dostluq, münasibətlərdəki varislik bundan sonra da davam edəcəkdir və onları dəstəkləyən qüvvələr vardır”.