DÜNYA
“m.e.” breloku qurğuların səsinin keyfiyyətini yaxşılaşdıracaq
Bakı, 14 iyul, AZƏRTAC
Yüksək keyfiyyətdə musiqi dinləməyi sevənlər smartfon, pleyer və kompyuterlərin səsini yaxşılaşdırmaq üçün imkanın olmasını arzulayırlar. Audiomühəndis və peşəkar musiqiçi Con Kaşa uzun müddət məhz bunu arzulayıb və nəticədə səsin keyfiyyətini yaxşılaşdıra bilən qurğu yaratmağa nail olub.
AZƏRTAC “ictnews.az” saytına istinadla xəbər verir ki, “m.e.” adlanan qurğu lazım olduqda açar topasına asmağın mümkün olduğu adi brelok şəklindədir. Səs mənbəyi, qulaqcıq və ya kolonkalar arasında vasitəçi kimi çıxış edən aksessuar istifadəçi peşəkar avadanlıqlı səsyazma studiyasında olduğu kimi kənar səs-küy yaratmadan səsi ucaldır, ümumi keyfiyyəti artırır və bütün notları dinləməyə imkan verir.
Texniki xüsusiyyətləri barədə məlumat verilməyən qurğunun əsasını kiçik çip təşkil edir. Bundan başqa, bir dəfə doldurulan enerji 80 saat musiqi dinləməyə kifayət edir. Enerji USB ilə 15 dəqiqə ərzində toplanır. Qurğunun metaldan düzəldilən korpusu üzərində qoşulma və söndürmə üçün nəzərdə tutulan yalnız bir düymə var.
“m.e.” brelokunu 148 dollara sifariş etmək mümkündür.