MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRİ MİSİRİN MDB ÖLKƏLƏRİ İLƏ TEXNİKİ ƏMƏKDAŞLIQ FONDUNUN SƏDRİ SAMAH SETOHİ İLƏ GÖRÜŞMÜŞDÜR
Bakı, 27 aprel (AZƏRTAC). Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Misir Ərəb Respublikasının MDB ölkələri ilə Texniki əməkdaşlıq fondunun sədri Samah Setohi ilə görüşmüşdür.
Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. Nazir Əbülfəs Qarayev Azərbaycanda kitabxana, muzey, eləcə də digər sahələrdə çalışanların Misirdə müəyyən hazırlıq keçilməsi istiqamətində əməkdaşlıq qurulmasında maraqlı olduğunu bildirmişdir.
Qonaq Samah Setohi Azərbaycanla əməkdaşlığın daha yüksək səviyyədə həyata keçirilməsinin vacibliyini vurğulamışdır. Hər iki ölkə rəsmisi bu münasibətlərin gücləndirilməsi ilə bağlı lazımi tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu vurğulamışlar.
Qeyd edək ki, Misir Ərəb Respublikasının MDB ölkələri ilə Texniki Əməkdaşlıq Fondunun sədri Samah Setohinin ölkəmizə səfəri aprelin 28-də başa çatacaqdır.