İQTİSADİYYAT
Media nümayəndələri üçün "Coca-Cola" zavoduna tur təşkil edilib
Bakı, 4 avqust, Samirə Quliyeva, AZƏRTAC
Avqustun 4-də bir qrup kütləvi informasiya vasitələrinin nümayəndələri üçün "Coca-Cola" zavoduna tur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, "Azərbaycan Coca-Cola Bottlers Ltd." MMC-nin baş direktoru Cem Becel təmsil etdiyi qurum haqqında ətraflı məlumat verib. Bildirib ki, "Coca-Cola" Azərbaycana investisiya yatıran ilk transmilli şirkətlərdən biridir. Şirkət 1994-cü ildə Türkiyədə yerləşən "Coca-Cola İçəcək" tərəfindən "Azərbaycan Coca-Cola Bottlers"in (ACCB) təsis edilməsi ilə fəaliyyətə başlayıb.
Qeyd edilib ki, 2015-ci ildən etibarən zavod yenidənqurma işlərindən sonra 6 müasir istehsal xətti ilə fəaliyyətini gücləndirib. Şirkət bütün ölkəni əhatə edən satış və yayım şəbəkəsi vasitəsilə 18 min 500 satış nöqtəsində fəaliyyət göstərir. "Coca-Cola" hazırda Azərbaycan istehlakçılarına 9 ticarət nişanlı məhsullar təqdim edir. Ölkənin qeyri-neft sektoruna 114 milyon ABŞ dolları məbləğində kapital qoyuluşu edən şirkət Azərbaycanda bir sıra uzunmüddətli proqramlar da həyata keçirir.
C.Becel deyib ki, şirkət "Ağac əkək, təbiətə töhfə verək" layihəsi çərçivəsində 2020-ci ilədək 100 min ağacın əkilməsini nəzərdə tutub. Belə ki, şirkət tərəfindən ötən il 8 min, bu il isə 20 min ağac əkilib.
Sonra media nümayəndələri zavodun iş prosesi ilə tanış olublar.