Azərbaycan Dövlət İnformasiya Agentliyi

MEHDİ HÜSEYNİN 100 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

2009-cu ilin mart ayında görkəmli ədib, Azərbaycanın xalq yazıçısı Mehdi Hüseynin (Mehdi Əli oğlu Hüseynovun) anadan olmasının 100 ili tamam olur.

Yeni dövr Azərbaycan ədəbiyyatının inkişafında istedadlı nasir, dramaturq və tənqidçi Mehdi Hüseynin özünəməxsus yeri vardır. O, tarixi və müasir mövzulu bədii əsərlərin bir çox dəyərli nümunələrini meydana gətirməklə yanaşı, peşəkar ədəbiyyatşünas kimi sənətkarlıq və yaradıcılığın nəzəri məsələlərinə dair aktual mülahizələri ilə ədəbi prosesə istiqamət vermişdir.

Azərbaycan ədəbiyyatının inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş yazıçı Mehdi Hüseynin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə xalq yazıçısı Mehdi Hüseynin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 fevral 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin