İQTİSADİYYAT
Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun 2 kilometrlik hissəsində hərəkət məhdudlaşdırılır
Bakı, 18 may, AZƏRTAC
Aparılan təmir-tikinti işləri ilə əlaqədar mayın 19-da səhər saatlarından Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun Zabrat-Kürdəxanı yolu ilə Məmmədli qəsəbəsi arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Məhdudlaşdırma təqribən yolun 2 kilometrlik hissəsini əhatə edəcək və işlər bitənədək qüvvədə saxlanılacaq.
Məlumata əsasən, Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun Zabrat-Kürdəxanı yolu ilə Məmmədli qəsəbəsi arasında yerləşən hissəsində aparılan təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.
Növbəti mərhələdə sözügedən avtomobil yolunun Məmmədli və Digah qəsəbələri arasında yerləşən hissəsində işlər davam etdiriləcək.
Sürücülərə qəsəbədaxili digər alternativ yollardan istifadə etmələri tövsiyə olunur.