DÜNYA
Meksika ukraynalı qaçqınları qəbul etməyə hazırdır
Vaşinqton, 30 mart, AZƏRTAC
Xuares miqrantlarına kömək mərkəzinə rəhbərlik edən şuranın başçısı Enrike Valensuela bildirib ki, əgər ukraynalı qaçqınlar gələrsə, Meksika onlara kömək etməyə hazırdır. Lakin bu, hələ baş verməyib.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, Valensuelanın sözlərinə görə, son bir neçə il ərzində dünyanın müxtəlif yerlərindən gələn miqrantlar ABŞ-a getməkdən ötrü yolüstü Xuaresdən keçirdilər. Buraya haitililər, braziliyalılar, ekvadorlular və bəzən Qərb yarımkürəsinin hüdudlarından kənarda olan miqrantlar da gəlirlər. Xuaresdəki miqrantların əsas hissəsini meksikalılar və Mərkəzi Amerikadan gələnlər təşkil edir.
Meksikanın rəsmi şəxsləri bildirirlər ki, ABŞ-ın Kaliforniya ştatı ilə sərhəddə yerləşən Tixuana şəhərinə bu il 487 ukraynalı gəlib. Onların böyük hissəsi, yəni 310 nəfər bu ölkəyə son üç həftə ərzində gələnlərdir. 2018-ci ilə olan məlumata görə, Birləşmiş Ştatlarda 1,1 milyondan çox ukraynalı yaşayıb.
AZƏRTAC-ın Vaşinqton bürosu