MƏDƏNİYYƏT
Meksikada dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli ucaldılacaqdır
Bakı, 28 oktyabr (AZƏRTAC). Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünün qeyd edilməsi çərçivəsində Meksikanın Akapulko şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin təntənəli təməlqoyma mərasimi keçirilmişdir.
Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə səfir İlqar Muxtarov, Qerrero ştatının (Akapulko şəhərinin daxil olduğu ştat) turizmin inkişafı naziri Xuan Salqado, Akapulko şəhər hökumətinin sosial inkişaf naziri Oskar Ranxel Miravete, Meksikanın tanınmış yazıçısı Manu Donvier, diplomatik nümayəndəliyimizin əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Qerrero ştatının və Akapulkonun rəsmiləri mərasimdə çıxış edərək ən görkəmli yerlərin birində ucaldılacaq dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin heykəlinin şəhərin gələcək rəmzlərinin birinə çevriləcəyinə əminliklərini bildirmişlər. Mədəni əlaqələrin inkişaf etdirilməsi üçün Azərbaycan səfirliyinin bu təşəbbüsünün Qerrero ştatı tərəfindən yüksək qiymətləndirildiyi qeyd edilmiş, yaxın gələcəkdə Akapulkoda “Azərbaycan” küçəsinin də açılışının olacağı vurğulanmışdır.
Nizami Gəncəvinin yaradıcılığından bəhs edən M.Donvier şairin əsərlərinin yalnız Azərbaycan deyil, eyni zamanda, dünya ədəbiyyatı və fəlsəfi baxışlarına misilsiz töhfə olduğunu demişdir. Yazıçı Nizami Gəncəvinin yaşadığı müddət ərzində heç vaxt Azərbaycanın hüdudlarından kənara çıxmadığını qeyd edərək, bununla belə, müasir dövrdə onun şəxsiyyəti və əsərlərini tərənnüm edən abidələrin dünyanın əksər ölkələrində ucaldığını bildirmişdir.
Səfir İ.Muxtarov Meksikanın Qerrero ştatı və Akapulkonun rəhbərliyinə, habelə şəhərin sakinlərinə Azərbaycan mədəniyyətində xüsusi yeri olan, böyük şair və filosof Nizami Gəncəvinin yaradıcılığına göstərilən diqqətə görə Azərbaycan hökuməti adından təşəkkür etmişdir. Yaxın gələcəkdə Akapulkoda “Azərbaycan” küçəsinin də açılacağını diqqətə çatdıran diplomat bu kimi təşəbbüslərin ölkələrimiz arasında mədəni əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini demişdir.
Daha sonra səfir Qerrero ştatının və Akapulkonun rəsmiləri ilə birgə Nizami Gəncəvinin heykəlinin təməlinə ilk daşın qoyulması mərasimində iştirak etmişdir.
Qeyd edək ki, mərasimdə “La Nao” festivalında iştirak etmək üçün Meksikaya gəlmiş Azərbaycan rəqs qrupunun üzvləri də iştirak etmişlər.