Meksikada Novruz bayramı qeyd edilib VİDEO
Meksiko, 20 mart, AZƏRTAC
Azərbaycan, Türkiyə və Qazaxıstanın Meksikadakı səfirliklərinin, eləcə də Meksiko şəhərində fəaliyyət göstərən Yunus Əmrə İnstitutu Türkiyə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı və Bakıda yerləşən Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Meksiko şəhərində Novruz bayramına həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev çıxış edərək konsertin Azərbaycan, Türkiyə və Qazaxıstan səfirlikləri tərəfindən birgə təşkilinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, bu təşəbbüs paylaşma, həmrəylik və ortaq mədəni yaddaşı təcəssüm etdirən Novruzun ruhuna tam uyğundur. Səfir Novruz bayramının türk dünyasını bir araya gətirən ən güclü mədəni dəyərlərdən biri olduğunu diqqətə çatdırıb.
Eyni zamanda bildirilib ki, 2010-cu ildə BMT Baş Assambleyası tərəfindən 21 martın Beynəlxalq Novruz Günü elan edilməsi bu bayramın beynəlxalq səviyyədə tanındığını göstərir. Qeyd olunub ki, Novruz 2009-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib və bu, müxtəlif ölkələri birləşdirən ilk çoxmillətli nominasiya kimi xüsusi əhəmiyyət daşıyır.
Türkiyənin Meksikadakı səfiri Murat Səlim Əsənli və Qazaxıstan səfirliyinin müşaviri Yerlan Kubaşev çıxış edərək Novruzun türk dünyasını birləşdirən ortaq dəyərlərdən biri olduğunu vurğulayıb, tədbirin Meksikada birgə təşkilinin əhəmiyyətini qeyd ediblər.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Yunus Əmrə İnstitutu Türkiyə Mədəniyyət Mərkəzinin rəhbəri Əbdürrəhman Əlinin Novruz münasibətilə videomüraciətləri səsləndirilib. Müraciətlərdə Novruzun geniş coğrafiyada qeyd olunan, ortaq mədəni dəyərləri və tarixi bağları əks etdirən əlamətdar bayram olduğu bildirilib.
Yerli ictimaiyyətə açıq olan konsertdə Meksikada yaşayan həmyerlimiz Nana Babayevanın rəhbərlik etdiyi kollektiv, eləcə də Türk Dünyası rəqs və musiqi ansamblları Azərbaycan, Türkiyə, Qazaxıstan və Meksika bəstəkarlarının əsərlərini ifa ediblər.
Konsert proqramı boyunca Azərbaycanın inkişafını əks etdirən videoçarx nümayiş olunub.