ELM VƏ TƏHSİL
“MƏKTƏBLİ ŞİRKƏTLƏR” LAYİHƏSİNİN VƏ TƏTBİQİ İQTİSADİYYAT ÜZRƏ MİLLİ OLİMPİADANIN QALİBLƏRİNƏ MÜKAFATLAR TƏQDİM OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, fevralın 11-də “Avropa”mehmanxanasında “Azərbaycan məktəblərində iqtisadiyyatın tədrisi” proqramı çərçivəsində “Məktəbli şirkətlər” layihəsinin və Tətbiqi İqtisadiyyat üzrə Milli Olimpiadanın son mərhələsi ilə bağlı “Məktəblinin biznes günü” keçirilmişdir.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə “Azərbaycan məktəblərində iqtisadiyyatın tədrisi “proqramı 2003-cü ildən Junior Achievement (JA) Azərbaycan təşkilatı tərəfindən həyata keçirilir və onu ABŞ-ın “Proyekt Harmoniy” təşkilatı idarə edir.
Tədbirdə Junior Achievement Azərbaycan təşkilatının icraçı direktoru Vüsal Xanlarov müvafiq layihələrin məqsəd və məramını açıqlamışdır.
Bildirilmişdir ki, bu gün respublikanın ayrı-ayrı şəhər və rayonlarının ümumtəhsil məktəblərində həyata keçirilən müvafiq layihələr üzrə finala çıxan komandalar arasında qaliblər müəyyənləşdiriləcəkdir.
USAİD-in Azərbaycan üzrə əlaqələndiricisi Skot Teylor məktəblilərin iqtisadi bilik və bacarıqlarının inkişafında və formalaşmasında layihələrin əhəmiyyətini vurğulamışdır.
Sonra Tətbiqi İqtisadiyyat üzrə Milli Olimpiadanın final mərhələsi, şagirdlərin biznes planının və məhsullarının təqdimatı olmuşdur.
Tətbiqi iqtisadiyyat üzrə Milli Olimpiadanın son mərhələsində Bakının 220, 96, 304, 264, 164 və Sumqayıtın 15 nömrəli məktəblərini təmsil edən 8 komanda mübarizə aparmışdır. “Məktəbli şirkətlər” layihəsinin finalına vəsiqə alan paytaxtın 6, 160, 132, 164, 220, 41, 5, 173 , Sumqayıtın 15, 7, 11 , İsmayıllının 1 və Mingəçevirin 3 nömrəli məktəblərinin komandaları öz biznes plan və məhsullarını biznes icmasının nümayəndələrindən ibarət təşkil olunan münisiflər heyətinə təqdim etmişlər.
Sonra qaliblər müəyyənləşdirilmiş, onlara mükafatlar təqdim olunmuşdur.