REGİONLAR
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Balakəndə vətəndaşlarla görüşüb VİDEO
Balakən, 15 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə noyabrın 15-də Balakən şəhərində vətəndaşlarla görüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbuldan əvvəl ASC-nin sədri və Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Rayon Suvarma Sistemləri İdarəsinin inzibati binasında keçirilən qəbulda Balakən rayonundan olan vətəndaşların müraciətləri dinlənilib.
Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, yeni subartezian quyularının qazılması, sel sularına qarşı mühafizə bəndlərinin tikilməsi, suvarma kanallarının beton üzlüyə alınması, həmçinin cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti ASC-nin sədri Əhməd Əhmədzadə tərəfindən diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerində həll olunub. Digər müraciətlər üzrə cəmiyyətin məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, həmin gün Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Zakir Quliyev Qax rayonunda, Rafiq Aslanov isə Zaqatalada vətəndaşları qəbul edib, onların müraciət və şikayətlərini dinləyiblər.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıq edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.