ELM VƏ TƏHSİL
Məlumat Hesablama Mərkəzində tələbələr yay istehsalat təcrübəsi keçirlər
Bakı, 1 avqust, AZƏRTAC
Azərbaycan Dövlət Neft Akademiyasının, Azərbaycan Texniki Universitetinin tələbələri və xaricdə təhsil alan bir qrup gənc müvafiq razılaşmaya əsasən iyul-avqust aylarında praktik biliklərə yiyələnmək üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) təcrübə keçirlər.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tələbələrə "Elektron hökumət” portalı və elektron xidmətlər", "Elektron imza və onun tətbiq sahələri", "Yeni texnologiyalar", "Müxtəlif dillərdə proqramlaşdırma", "Veb proqramlaşdırma", "Marketinq və xidmətlərin satışı", "Telefon trafikinə görə yerli və beynəlxalq hesablaşmaların əsas prinsipləri" və sair sahələr üzrə nəzəri və praktik biliklər verilir.
Məlumat Hesablama Mərkəzi informasiya texnologiyaları sahəsində aparıcı müəssisələrdəndir və peşəkar kadr potensialına malikdir. Müəssisənin əsas fəaliyyət sahəsi informasiya texnologiyalarının bütün istiqamətlərini əhatə edir. Həmçinin, MHM "Elektron hökumət” portalının və "Elektron imza”nın operatorudur. MHM "Elektron hökumət” portalı infrastrukturunun yaradılması və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən göstərilən e-xidmətlərin vahid platforma və "tək pəncərə” prinsipi əsasında əhali və təşkilatlar tərəfindən istifadəsini təmin edir. Eyni zamanda MHM-in Sertifikat xidmətləri Mərkəzi tərəfindən vətəndaşlara, fiziki və hüquqi şəxslərə e-imza sertifikatları hazırlanaraq təqdim edilir.