ELM VƏ TƏHSİL
Məmməd Əliyev: “Heydər Əliyev İli” çərçivəsində Özbəkistan kitabxanalarında sərgilər keçirilməsi planlaşdırılır
Bakı, 1 noyabr, AZƏRTAC
Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması Azərbaycan xalqının böyük sevincinə səbəb olmuş əlamətdar hadisələrdən biridir. Görkəmli dövlət xadimi Heydər Əliyevin irsini öyrənmək hər bir azərbaycanlının borcudur. AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) da dahi liderin doğum günü ərəfəsində əməkdaşlıq etdiyi dünya kitabxanalarında Azərbaycan ədəbiyyatı həftəsini keçirməyi və burada Ümummilli Liderin fəaliyyətinin təqdim edilməsi təşəbbüsü ilə çıxış etməyi planlaşdırır.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu barədə MEK-in baş direktoru professor Məmməd Əliyev məlumat verib. O deyib ki, bu məqsədlə artıq Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanası və Özbəkistan Elmlər Akademiyasının Fundamental Kitabxanası ilə razılıq əldə olunub. Hər iki kitabxanada həm elektron daşıyıcı, həm də kitab formatında görkəmli dövlət xadimi Heydər Əliyev irsini nümayiş etdirən əsərlərdən ibarət sərgi təşkil olunacaq.
Baş direktor qeyd edib ki, müasir dövlətçiliyimizin banisi ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti Azərbaycan ədəbiyyatında öz izini qoyan istiqamətlərdən biridir. Ulu Öndərin doğulduğu tarix hər il bütün ölkə ərazisində təntənəli şəkildə qeyd olunur. Dahi şəxsiyyətin irsinin təbliğinə böyük önəm verən AMEA-nın Mərkəzi Elmi Kitabxanasında son illərdə həyata keçirilən tədbirlərdən biri də Heydər Əliyev lektoriyasının təşkilidir. Lektoriyalarda “Heydər Əliyev və Azərbaycan dili”, “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, “Heydər Əliyev və Azərbaycanda təhsil”, “Heydər Əliyev və Azərbaycan musiqisi” və digər mövzularda müzakirələr aparılır, Ümummilli Liderin irsi dərindən öyrənilir.
“Son olaraq vurğulamaq istərdim ki, Azərbaycanın Özbəkistandakı səfirliyi, orada fəaliyyət göstərən Azərbaycan diasporu və mədəniyyət ocaqlarının birgə dəstəyi ilə Özbəkistanda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərdən birinin keçirilməsini arzu edirəm”,- deyə Məmməd Əliyev bildirib.