ELM VƏ TƏHSİL
“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda konfransın materialları çap olunub
Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə keçirdiyi “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda konfransın materialları dərc olunub.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, bununla bağlı keçirilən tədbirdə çıxış edən rektor Ceyhun Məmmədov institutun yarandığı gündən öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin təbliğinə, tanınmış Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılığının öyrənilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Rektor “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda keçirilmiş konfransın materiallarının çap edilməsinin nəsimişünaslar üçün böyük əhəmiyyətə malik olacağına ümidvar olduğunu bildirib.
MDTF-nin icraçı direktoru Mehman İsmayılov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən “Nəsimi ili”nin elan olunması bütövlükdə Azərbaycan mədəniyyətinin, onun əsas elementləri olan dilimizin, ədəbiyyatımızın və mənəviyyatımızın əbədiləşdirilməsinə xidmətin bariz nümunəsidir.
O bildirib ki, ulu öndər Heydər Əliyevin xalqımızın milli-mənəvi və mədəni irsinin inkişafı sahəsindəki fəaliyyət istiqamətlərini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir.
M.İsmayılov “Nəsimi ili” çərçivəsində Fond tərəfindən görülən işlər haqqında məlumat verib. Bildirib ki, mütəfəkkirin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması gənclərimizin Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərlərimizi öyrənməsi baxımından olduqca əhəmiyyətlidir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva bildirib ki, İslam irfan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri olan Nəsimi poeziyada fəlsəfi fikrin təməlini qoyanlardan biridir. Nəsimi yaradıcılığında sufizmin mahiyyətin qabarıq nəzərə çarpdığını qeyd edən Səadət Şıxıyeva dahi mütəfəkkirin Azərbaycan poetik dilinin inkişafına böyük təsirini vurğulayıb.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya üzrə elmlər doktoru Mahirə Quliyeva qeyd edib ki, Nəsimi Azərbaycan ədəbiyyatında ana dilində yaranan şeirin şəkli xüsusiyyətlərinin təkmilləşdirilməsində mühüm rol oynayıb. Dahi şairin əruz vəzninin müxtəlif bəhrlərində və müxtəlif şəkillərində ana dilində şeirlər yazdığını vurğulayan M.Quliyeva Nəsiminin əruz vəzninin bəhrlərini Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşdırmağa çalışdığını da nəzərə çatdırıb.
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Şəfəq Əlibəyli İmadəddin Nəsiminin tərəqqipərvər ictimai-fəlsəfi ideallarla zəngin yüksək bədii-estetik səviyyəyə malik poeziyasından bəhs edib.
Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Ataəmi Mirzəyev klassik irsin tədrisi, nəşri və təbliği ilə əlaqədar görüləcək işlər barədə məlumat verib. Qeyd edib ki, klassikləri yeni nəslə tanıtdırmaq, sevdirmək, təbliğ etmək üçün onların irsinin nəşrində yeni forma və üsullar lazımdır.
Şərqşünas-yazar, nəsimişünas Vüsal Hətəmov Nəsimi fəlsəfəsi, poeziyası və şairin yaşadığı tarixi dövr haqqında danışıb. O, Nəsimi fəlsəfəsində əks olunan kamil insan konsepsiyası haqqında geniş bəhs edib.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.