İQTİSADİYYAT
Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətində 2010-cu ilin yekunlarına dair iclas keçirilmişdir
Bakı, 12 yanvar (AZƏRTAC). Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətində 2010-cu ilin yekunlarına dair iclas keçirilmişdir.
Xidmətin direktoru Adışirin Qasımov 2010-cu ilin Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sahəsində əldə etdiyi mühüm nailiyyətlərlə əlamətdar olduğunu qeyd etdi. Azərbaycan dövlətinin şəffaflığın artırılması, korrupsiyanın qarşısının alınması, milli təhlükəsizliyin gücləndirilməsi istiqamətində uğurla həyata keçirilən siyasəti, ölkədə PL/TMM sisteminin formalaşdırılması və inkişafı üçün əlverişli zəmin yaratmışdır.
Normativ hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşdırılması, Maliyyə Monitorinqi Xidmətinin institusional və funksional potensialının formalaşdırılması, monitorinq subyektlərinə metodoloji dəstəyin göstərilməsi, ölkədaxili və beynəlxalq əməkdaşlığın yaradılması istiqamətində qarşıya qoyulmuş hədəflər tam şəkildə reallaşdırılmışdır.
PL/TMM sisteminin inkişafı istiqamətində qısa müddət ərzində həyata keçirilən məqsədyönlü və ardıcıl tədbirlər sayəsində ölkəmizin bu sahədə beynəlxalq imici əsaslı şəkildə yüksəlmişdir. Təsadüfi deyildir ki, 2010-cu ilin oktyabr ayında Azərbaycanın FATF-ın monitorinq rejimindən çıxarılması barədə qərar qəbul edilmişdir. Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən ölkəmizin PL/TMM sahəsində qanunvericilik sisteminin inkişaf modelinin digər dövlətlər tərəfindən nümunə kimi qəbul olunması tövsiyə edilmişdir. ABŞ Dövlət Departamentinin terrorçuluğa dair ölkələr üzrə hesabatında Azərbaycanda terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı uğurla mübarizə aparıldığı qeyd edilmişdir.
2010-cu ildə PL/TMM sahəsində həm ölkədaxili, həm də beynəlxalq əməkdaşlığın yaradılması və inkişafı istiqamətində mühüm nəticələr əldə edilmişdir. Maliyyə Monitorinqi Xidməti ilə 22 xarici ölkənin maliyyə monitorinqi orqanları arasında Anlaşma Memorandumları imzalanması üçün razılıq əldə edilmişdir.