İQTİSADİYYAT
Mərkəzi Bankın güzəşt paketi pandemiyanın maliyyə bazarı iştirakçılarına təsirlərini minimumlaşdırmağa imkan verəcək
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) kredit borcu olanlar, bütövülükdə banklar və maliyyə xidmətləri sektoru üçün güzəşt paketi pandemiyanın maliyyə bazarı iştirakçılarına təsirlərini minimumlaşdırmağa imkan verəcək.
Bu sözləri AZƏRTAC-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Mərkəzi Bank pandemiyanın maliyyə bazarına və müştərilərinə təsirlərini minimumlaşdırmaq üçün 4 əsas istiqamət üzrə güzəşt tədbirləri həyata keçirəcək. Tədbirlərə əsasən, İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına bu il martın 1-dək verilmiş ipoteka kreditləri fondun razılığı əsasında bu il sentyabr 30-dək restrukturizasiya olunacaq, yəni güzəşt tətbiq olunacaq. Fondun vəsaitləri hesabına martın 1-dək verilmiş ipoteka kreditlərinin restrukturizasiya edilməsi zamanı banklar tərəfindən kreditin keyfiyyətinin pisləşdirilməməsi tapşırılıb.
"Əsas məqamlardan biri kredit borcu olanlar ilə bağlıdır. Paketə görə, kredit öhdəliklərinin (əsas borc və faiz ödənişləri) tam və ya qismən gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmamasının banklara tövsiyə edilir. Bu o deməkdir ki, Mərkəzi Bank banklara kreditini ödəməkdə çətinlik çəkənlərə cərimə faizi və dəbbə pulu yazmamağı tövsiyə edib. Sənədə əsasən, bu il martın 1-i vəziyyətinə keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatların bu il sentyabrın 30-dək kredit bürosuna xüsusi qeydlə təqdim olunacaq (borcalanın kredit tarixçəsinin pisləşdirilməməsi). Yəni, əgər vətəndaşımızın martın 1-dən sentyabrın 30-dək kredit yubanması olacaqsa, bu, onun kredit tarixçəsinə yazılmayacaq və tarixçə pisləşməyəcək. Paket maliyyə bazarlarında digər sektorları da əhatə edir. Etiraf etmək lazımdır ki, güzəşt paketi sistemlidir və pandemiyanın maliyyə bazarı iştirakçılarına təsirlərini minimumlaşdırmağa şərait yaradacaq", - deyə deputat diqqətə çatdırıb.