İQTİSADİYYAT
Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında iştirak etmişdir
Bakı, 14 oktyabr (AZƏRTAC). Mərkəzi Bankın sədr müavini Xəqani Abdullayev və Beynəlxalq əlaqələr departamentinin direktoru Fuad Hüseynov ABŞ-ın Vaşinqton şəhərində keçirilən Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) illik toplantısında iştirak etmişlər.
Mərkəzi Bankdan AZƏRTAC-a bildirmişlər ki, səfər zamanı DB və BVF-nin əlaqədar qurumları və eləcə də digər mərkəzi banklar və özəl şirkətlərlə ikitərəfli görüşlər keçirilmişdir.
DB-nin Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Laura Takla görüşdə ölkəmizlə DB arasında layihələr portfeli, yeni hazırlanmış ölkə üzrə tərəfdaşlıq strategiyası, əməkdaşlıq barədə müzakirələr aparmışdır.
Daha sonra DB və BVF-nin Seçki Qruplarının rəhbərləri ilə görüşlər keçirilmiş, Seçki Qrupunun növbəti toplantısının Azərbaycanda təşkili müzakirə olunmuşdur.
Səfər çərçivəsində AMB-nin nümayəndələri BVF-nin Qafqaz və Orta Asiya ölkələri üçün təşkil etdiyi bir sıra görüşlərdə və aktual iqtisadi mövzulara dair beynəlxalq konfrans və seminarlarda iştirak etmişlər.
Milli Bankın sədr müavini X.Abdullayev Con Hopkins Universitetində “Azərbaycanda monetar siyasət” mövzusunda
təqdimatla çıxış etmiş, sualları cavablandırmışdır.