ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxana oxucuların istifadəsinə verilib
Bakı,30 sentyabr, AZƏRTAC
Sentyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) oxucuların istifadəsinə verilib.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə oxucular qeydiyyatdan keçib, kitabxanadan istifadə qaydaları və istifadəçilərə aid bölmələrin yerləşməsi barədə təlimatla tanış olublar.
Gün ərzində oxucuların sorğuları əsasən kitab, qəzet, jurnal və elektron materiallara aid olub. Sorğular MEK-in kitabxana-xidmət şöbəsinin əməkdaşları tərəfindən cavablandırılıb.
Müasir avadanlıqlarla tam təchiz olunmuş oxu zallarında oxucular yeni standartların tələblərinə cavab verən xidmət çərçivəsində elektron resurslara çıxış imkanlarından istifadə ediblər. İstifadəçilərin elmi məqalələr üzrə “BİOONE”, “EBSCO PREMİER”, “İOPSCİENCE”, “EDWARD ELGAR”, “ROYAL SOCİETY JOURNALS COLLECTİON” və digər məlumat bazalarına dair sorğularını kitabxananın xidmət personalı düzgün və operativ cavablandırıb. Oxuculara hərtərəfli məlumat-biblioqrafiya xidməti ilə yanaşı, həm də müxtəlif texniki xidmətlər (surətçıxarma, skanlama və s.) göstərilib.