MƏDƏNİYYƏT
Mərkəzi İncəsənət Məktəbi tərəfindən təntənəli məzun günü qeyd edilib
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi məzunlarının möhtəşəm “Məzunlarımızla fəxr edirik” adlı tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, məzun günü musiqi məktəbləri arasında ilk dəfə olaraq, məhz Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi tərəfindən təşkil olunub.
Məktəbin bütün şöbələri üzrə müxtəlif alətlərin ifaçıları yüksək səviyyədə çıxışlar nümayiş etdirərək, dinləyicilərin böyük alqışları ilə qarşılanıb.
Məzun günündə səhnəyə dəvət olunan hər bir iştirakçı ixtisas müəllimlərinin onlara olan ürək sözlərini videosüjet şəklində izləyib. Olduqca kövrək anlar yaşayan məzunlar, ilk növbədə, məktəbin müdiriyyətinə və müəllimlərə dərin minnətdarlıqlarını göz yaşları içində bildirərək, son ifalarını ixtisas müəllimlərinə həsr ediblər.
Məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifli Mədəniyyət Nazirliyinə və tədbirdə iştirak edən bütün qonaqlara təşəkkür edərək, məzunlara olan təbrikini bildirib.
Sonda tədbir uşaqların ifasında “Yallı” rəqsi ilə yekunlaşıb.