SİYASƏT
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA BRİFİNQ VƏ NÖVBƏTİ İCLAS KEÇİRİLMİŞDİR
Bakı, 24 noyabr (AZƏRTAC). Noyabrın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov KİV nümayəndələri üçün brifinq keçirmişdir.
MSK-nın sədri dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı xatırlatmışdır ki, seçkilərdə 1718 bələdiyyə üzrə 15 min 682 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə 4 min 813 seçki məntəqəsi fəaliyyət göstərəcəkdir. Noyabrın 23-ü dairə seçki komissiyalarında qeydiyyatla bağlı müraciətlərə baxılması üçün sonuncu gün idi. MSK-ya daxil olan ilkin məlumatlara görə, 33 min 856 nəfər imza vərəqələrini qaytaran iddiaçı olmuşdur. 444 namizəd sənədlərin təqdim olunması mərhələsində, 526 nəfər isə qeydiyyata götürüldükdən sonra sənədlərini geri almışdır. Yekunda 31 min 861 nəfər qeydiyyatdan keçmişdir. Əlbəttə, bunlar tam məlumatlar deyildir. Dairə seçki komissiyaların təxminən səksənindən bizə rəqəmlər daxil olmuşdur. Ümumilikdə siyahılarda 30 partiyanın adı çəkilir. Çalışacağıq ki, MSK-ya daxil olan müraciətlərə qısa müddətdə baxılsın.
M.Pənahov noyabrın 25-dən başlayaraq namizədlərin seçkiqabağı təşviqatına start veriləcəyini də diqqətə çatdırmışdır.
Sonra Məzahir Pənahovun sədrliyi ilə MSK-nın növbəti iclası keçirilmişdir.
Əvvəlcə dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səsvermə prosesində seçki məntəqələrində veb-kameraların tətbiq edilməsinə dair məsələyə baxılmışdır. MSK qərara almışdır ki, bələdiyyə seçkilərində səsvermə prosesində aşkarlığın daha geniş təmin edilməsi məqsədi ilə 500 seçki məntəqəsində veb-kamera quraşdırılsın.
Sonra bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olmuş müraciətlərə baxılmışdır. Müraciətlərdən ikisi əsassız hesab olunaraq təmin edilməmiş, digərlərinin isə araşdırma müddətinin uzadılması barədə qərar çıxarılmışdır.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
######