SİYASƏT
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR
Bakı, 16 fevral (AZƏRTAC). Fevralın 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə Komissiyanın 2009-cu il 5 fevral və 6 fevral tarixli iclaslarının protokolları təsdiq olunmuşdur.
Sonra MSK katibi Natiq Məmmədov 2009-cu il martın 18-nə təyin olunmuş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsünün həyata keçirilməsi məqsədi ilə püşkatma komissiyasının yaradılmasına dair məsələ barədə məlumat vermişdir. MSK püşkatma komissiyasının yaradılması barədə qərar çıxarmışdır. Eyni zamanda, qərara alınmışdır ki, püşkatma 2009-cu il fevralın 18-də saat 12.00-da keçirilsin.
Mərkəzi Seçki Komissiyası referendum üzrə “Hüquq və demokratiya”, “Şəhər”, “Tərəqqi”, “Vətəndaş cəmiyyəti” və “Davamlı İnkişaf Naminə” təşviqat qruplarının Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzvlərini, səlahiyyətli nümayəndələrini və vəkil edilmiş şəxslərini təsdiqləmişdir.
MSK 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 83 saylı Ağcabədi-Ağdam, 113 saylı Şəki şəhər və 115 saylı Şəki kənd ikinci seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişkliklər etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, Beynəlxalq Respublikaçılar İnstitutunun, Milli Demokratiya İnstitunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.