SİYASƏT
Mətbuat nümayəndələri ilə yerli icra hakimiyyəti orqanları arasındakı əməkdaşlıq məsələləri müzakirə olunmuşdur
Bakı, 21 iyun (AZƏRTAC). İyunun 21-də Nəsimi Rayon İcra hakimiyyəti ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri (KİV) arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransın işində KİV nümayəndələri ilə yanaşı, bələdiyyə sədrləri, idarə və müəssisələrin rəhbərləri də iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin icra hakimiyyətinin binasındakı büstünü ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
Jurnalistlər Nəsimi Rayon İcra Hakimiyyətinin müasir üslubda tikilmiş yeni binası ilə tanış olduqdan sonra konfrans akt zalında işini davam etdirmişdir.
Rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev rayonda həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərindən danışmış, jurnalistlərə rayonun ictimai-siyasi və sosial-iqtisadi həyatında baş verən yenilikləri işıqlandırmaq üçün bütün imkanların yaradıldığını bildirmişdir. Qeyd olunmuşdur ki, icra hakimiyyətində fəaliyyət göstərən müvafiq şöbə müraciət edən bütün jurnalistləri lazımi informasiya ilə təmin edir.
KİVDF-nin sədri Vüqar Səfərli Azərbaycan mətbuatının inkişafı tarixinə toxunaraq demişdir ki, 1991-ci ildə Azərbaycanın müstəqilliyi bərpa olunsa da, insanlar azad şəkildə informasiya əldə edə bilmirdilər. Çünki sovet dövründən qalmış senzura buna imkan vermirdi. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 1998-ci ildə senzura idarəsini ləğv edərək mətbuatın sərbəst fəaliyyətinə imkan yaratmışdır.
Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev mətbuata xüsusi qayğı ilə yanaşır.
Bu gün Azərbaycanda 300-dən çox qəzet nəşr olunur. Prezidentin jurnalistlərə göstərdiyi diqqət və qayğı nəticəsində dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılmış, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onlar üçün yaşayış binasının tikintisinə başlanmışdır. Hazırda binanın tikintisi davam etdirilir.
Sonra müzakirələr aparılmış, mətbuat nümayəndələrinin sualları cavablandırılmışdır.