İQTİSADİYYAT
MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir
Bakı, 9 aprel (AZƏRTAC). Aprelin 9-da Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilmişdir.
ARDNF-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda əhəmiyyətli ödəmələr anlayışı müəyyən edilmiş və bu ödəmələrin MHŞT hesabatlarına daxil edilməsi razılaşdırılmışdır. Həmçinin hesabatların MHŞT-in tətbiqinə dair yeni qaydalara uyğun tərtib edilməsi və MHŞT-in Azərbaycanda tətbiqinə dair digər məsələlər də müzakirə olunmuşdur.
Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində beynəlxalq standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-in qiymətləndirilməsi prosesindən keçən və qurumun tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT-in prinsip və meyarlarına tam cavab verən ölkə olması və onun tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan “2009-cu il MHŞT mükafatı”na layiq görülmüşdür.