ELM VƏ TƏHSİL
Mikrobiologiya İnstitutunun alimi beynəlxalq konfransda çıxış edib
Bakı, 31 mart, AZƏRTAC
AMEA Mikrobiologiya İnstitutunun Torpaq mikrobiologiyası laboratoriyasının əməkdaşları biologiya elmləri doktoru, dosent Samirə Nəcəfova və biologiya üzrə fəlsəfə doktoru Aygün Qasımova Moskvada Rusiya Təbiət Elmləri Akademiyasının təşkilatçılığı ilə onlayn formatda keçirilmiş “Regionlarda strateji ekoloji, iqtisadi və sosial prioritetlər və layihələr: təhlili və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Torpaq mikrobiologiyası laboratoriyasının müdiri Samirə Nəcəfova konfransda “Azərbaycan ərazisində ekoloji təsərrüfat zonalarının formalaşdırılmasının perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan ərazisində təsərrüfat əhəmiyyətli torpaqların ekoloji problemləri, onların aradan qaldırılması yolları, ekoloji təmiz məhsul əldə edilməsi üçün bu torpaqların bərpa üsullarının perspektivləri haqqında məlumat verilib.