SİYASƏT
MİLAD BAYRAMI AZƏRBAYCANDA GENİŞ QEYD OLUNUR
Bakı, 9 yanvar (AZƏRTAC). İsa peyğəmbərin mübarək mövludunu təcəssüm etdirən Milad bayramı çərçivəsində Azərbaycanda bayram tədbirləri keçirilir.
Bakıda pravoslav xristianlarının müqəddəs Milad bayramı ilə əlaqədar təşkil olunan tədbirdə Bakı və Xəzəryanı bölgə Yeparxiyasının yepiskopu Aleksandr, Dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin nümayəndələri və ziyalılar iştirak etmişlər.
Yepiskop Aleksandr dünyanın bütün pravoslav xristianları ilə yanaşı ölkəmizdə yaşayan pravoslav icmasının da bu bayramı yüksək səviyyədə qeyd etdiyini demiş və onlar üçün yaradılmış şəraiti Azərbaycanda dinlərarası dostluğun və tolerantlığın nümunəsi kimi dəyərləndirmişdir.
S.İxiilov Milad bayramının ümumbəşəri mənəvi əhəmiyyətindən danışmış, belə bayramların yüksək səviyyədə təşkilinin vacibliyini qeyd etmişdir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə dinlərin bir-biri ilə dostluq və səmərəli əməkdaşlıq etdiyi Azərbaycanın dünyada tolerantlıq nümunəsinə çevrildiyini qeyd etmiş və dini mərasimi azad şəkildə keçirən pravoslav xristianlarını yüz illərlə tarixi olan Milad bayramı münasibətilə təbrik etmişdir.
Şeyx bildirmişdir ki, dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar sülhün təminatına xidmət etməlidirlər.
Dini Qurumlarla İş üzrə Dövlər Komitəsinin sədri Hidayət Orucov Milad bayramının yüksək səviyyədə təşkilini tolerantlığın təminatına xüsusi önəm verən dövlətin dinlərarası dialoq və dostluğa, insanlarımızın bundan sonra da sülh və əmin-amanlıq şəraitində yaşamasına göstərdiyi diqqət kimi səciyyələndirmişdir.