ELM VƏ TƏHSİL
Milli Azərbaycan Tarixi Muzeyinə yeni arxeoloji tapıntılar daxil olub
Bakı, 10 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya fonduna 73 yeni arxeoloji tapıntı daxil olub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu tapıntılar 2013-2014-cü illərdə akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit arxeoloji ekspedisiyası tərəfindən Ağdam rayonunun Xındırıstan və Ayaq Qərvənd kəndləri yaxınlığındakı İsmayılbəytəpə və Fərmantəpə abidələrində aparılmış arxeoloji qazıntılar zamanı aşkarlanıb. Eramızdan əvvəl V-IV minilliklərə aid edilən arxeoloji materiallar əsasən saxsı təsərrüfat küpləri, badya, gil sapand daşları və kərpiclərdən ibarətdir.
Arxeologiya fonduna daxil olan materiallardan ekspozisiyanın zənginləşdirilməsi ilə yanaşı, elmi-tədqiqatlarda mənbə kimi də istifadə olunacaq. Onlar xüsusilə təmsil etdikləri bölgənin maddi mədəniyyət tarixinin öyrənilməsində, əhalinin məşğuliyyəti, həyat tərzi və mədəni əlaqələri ilə bağlı məsələlərin araşdırılmasında mühüm əhəmiyyətə malikdir.