SİYASƏT
MİLLİ MƏCLİS “AZƏRBAYCAN RESPUBLİKASININ 2010-CU İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA” QANUNUNA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR ETMİŞDİR
Bakı, 18 iyun (AZƏRTAC). Milli Məclisin iyunun 18-də keçirilmiş iclasında “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Qanununa əlavələr və dəyişikliklər edilmişdir.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirmişdir ki, “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə” qanun layihəsi “Büdcə sistemi haqqında” Qanuna uyğun hazırlanmışdır. O demişdir ki, büdcəyə dəyişiklikləri zəruri edən amil dünya bazarında neftin qiymətinin 70-75 dollar arasında olmasıdır. 2010-cu ilin 4 ayının nəticələrinə əsasən, Azərbaycanın iqtisadi vəziyyəti uğurlu olmuşdur.
Komitə sədrinin sözlərinə görə, son ayların iqtisadi göstəriciləri, ölkədə aparılan islahatlar, dünya bazarında neftin qiymətinin artması, büdcəyə əlavə vəsaitlərin daxil olması, dünyada baş verən təbii fəlakətlərin Azərbaycandan yan keçməməsi və belə amillər büdcə haqqında qanuna dəyişikliklər zərurətini yaratmışdır.
Sonra maliyyə naziri Samir Şərifov büdcəyə təklif olunan dəyişikliklər barədə məlumat vermişdir. Nazir bildirmişdir ki, neft sektoru üzrə hasilat proqnozlarını dəyişdirmədən 2010-cu il dövlət və icmal büdcələri hazırlanarkən hesablamalarda istifadə olunan neftin bir barrelinin qiymətinin 45 ABŞ dollarından 60 dollara çatdırılması büdcə gəlirlərinin əlavə olaraq 490 milyon manat, Dövlət Neft Fondunun gəlirlərinin isə 2 milyard 700 milyon manat artmasına şərait yaratmışdır. Dünya iqtisadi ekspertlərinin açıqlamalarına görə, il ərzində bir barrel neftin qiymətinin 65-70 dollar məbləğində qalacağı proqnozlaşdırılır.
Nazir demişdir ki, 2010-cu il dövlət büdcəsi gəlirlərinin 1 milyard 490 milyon manat və ya təsdiq olunmuş dövlət büdcə gəlirlərinə nisbətən 14,9 faiz artırılaraq 11 milyard 505 milyon manata çatdırılması, büdcə xərclərinin 1 milyard 11 milyon manat və ya təsdiq olunmuş büdcə xərclərinə nisbətən 9 faiz artırılaraq 12 milyard 275 milyon manata çatdırılması nəzərdə tutulmuşdur. Artımdan sonra gəlirlərin 3 milyard 620 milyon manatı qeyri-neft sektoru, 7 milyard 885 milyon manatı isə neft sektorunun payına düşəcəkdir. Əsaslı xərclərin artımı üçün nəzərdə tutulmuş 608,5 milyon manat vəsaitin 400 milyon manatı və yaxud 65,7 faizi ölkənin müdafiə qabiliyyətinin artırılması və təhlükəsizlik xərclərinə, 205,8 milyon manatı və ya 33,8 faizi elm, təhsil, səhiyyə, sosial xərclərə, müxtəlif layihələrin icrasına yönəldiləcəkdir.
Dəyişiklikdən sonra xərclərin bir hissəsi Kür və Araz çaylarının daşması nəticəsində yaranmış təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirlərinin maliyyələşdirilməsi və gələcəkdə bu cür halların təkrarlanmasının qarşısının alınmasına yönəldiləcəkdir. Dövlət büdcəsinin gəlirləri 11 milyard 505 milyon manata, xərcləri isə 12 milyard 275 milyon 300 min manata çatdırılacaqdır.
Layihəyə ediləcək dəyişikliklər əsasında 2010-cu ilin dövlət büdcəsinin kəsiri 478 milyon azalacaq, nəticədə kəsr gözlənilən ümumi daxili məhsulun 2,3 faizini təşkil edəcəkdir. Bu da təsdiq olunan layihəyə əsasən 1,6 faiz azdır.
Sonra layihə ətrafında müzakirələr olmuş, deputatlar dövlət büdcəsinə təklif olunan əlavə və dəyişiklikləri müsbət dəyərləndirmişlər.
Layihə 98 səs lehinə olmaqla təsdiq edilmişdir.