SİYASƏT
MİLLİ MƏCLİS “AZƏRBAYCAN RESPUBLİKASININ SÜLHMƏRAMLI ƏMƏLİYYATLARDA İŞTİRAKI HAQQINDA” QANUNU BİRİNCİ OXUNUŞDA QƏBUL ETMİŞDİR
Bakı, 28 oktyabr (AZƏRTAC). Milli Məclis “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul etmişdir.
Layihə üzrə işçi qrupun sədri Siyavuş Novruzov demişdir ki, ilk dəfə hazırlanan bu qanun lokal və regional münaqişələrin qarşısının alınması, nizamlanması və həll edilməsi ilə bağlı aparılan əməliyyatlarda ölkəmizin iştirakının əsaslarını, formalarını və qaydalarını müəyyənləşdirəcəkdir.
Layihə ilə bağlı müvafiq qurumlardan müsbət rəy və təkliflər alınmışdır. Qanun qəbul edildikdən sonra əsgər və zabitlərimizin sülhməramlı əməliyyatlarda iştirakı bu sənədlə tənzimlənəcəkdir.
S.Novruzov bildirmişdir ki, indiyədək sülhməramlılarımızın Kosovo, Əfqanıstan və İraqda sülhyaratma əməliyyatlarında iştirakı dövlətlərarası ikitərəfli müqavilələr əsasında həyata keçirilmişdir. Dörd fəsil, 19 maddədən ibarət layihədə sülhməramlı əməliyyatlarda iştirak edəcək hərbi və mülki heyətin statusu, funksiyaları və digər məsələlər öz əksini tapmışdır.
Sənədin 18-ci maddəsində qeyd olunur ki, hərbi kontingentin və ayrı-ayrı hərbi qulluqçuların bu qanunun maddələrində müəyyən edilmiş prosedurlara uyğun olaraq sülhməramlı əməliyyatlarda iştirak etmək üçün göndərilməsi, hərbi və mülki heyətin geri çağırılması məsələləri Milli Məclisin səlahiyyətlərinə aiddir.
Layihədə sülhməramlıların hansı xarakterli əməliyyatlarda iştirak edə biləcəyi də dəqiq göstərilmişdir.