SİYASƏT
MİLLİ MƏCLİS “ƏMƏK PENSİYALARI HAQQINDA” QANUNA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR ETMİŞDİR
Bakı, 28 oktyabr (AZƏRTAC). Milli Məclis “Əmək pensiyaları haqqında” Qanuna əlavələr və dəyişikliklər etmişdir.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli demişdir ki, Qanunun 7-ci maddəsində göstərilmiş yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərində dəyişiklik edilmişdir. Belə ki, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) onlara yaşa görə əmək pensiyası hüququ verilir. Kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı il yanvarın 1-dək hər il 6 ay artırılacaqdır.
Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə pensiya təminatı, yaşa görə pensiyanın məbləğinin hesablanması, habelə, əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri də dəyişdirilmişdir.
Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığorta olunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin ediləcəkdir.