SİYASƏT
Milli Məclisdə Azərbaycan-Əfqanıstan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunmuşdur
Bakı, 20 may (AZƏRTAC, Ülviyyə Məmmədli). Mayın 20-də Azərbaycan Respublikası Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Milli Assambleyasının deputatlarından ibarət nümayəndə heyəti ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Əfqanıstan arasında dostluq münasibətlərinin inkişafı məsələləri müzakirə edilmişdir.
Ziyafət Əsgərov bildirmişdir ki, Azərbaycan həmişə Əfqanıstanın sosial-iqtisadi sahədə inkişafına dəstək göstərmişdir və bundan sonra da göstərəcəkdir.
Milli Məclis sədrinin birinci müavini Əfqanıstan tərəfinə BMT Baş Məclisinin sessiyasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən işğal olunmuş ərazilərdə vəziyyət haqqında qətnamənin qəbul olunmasına və ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinə göstərdiyi dəstəyə görə təşəkkür etmişdir.
Əfqanıstan Milli Assambleyasının beynəlxalq əlaqələr komissiyasının rəhbəri Nisar Əhməd Hares Bakıda olduqları müddətdə səmərəli görüşlər keçirdiklərini demişdir. Bİldirmişdir ki, Azərbaycana səfərlərinin məqsədi regionda baş verən terrorizm, narkotik vasitələrin dövriyyəsi və dini fundamentalizmə qarşı daha səmərəli mübarizəni təşkil etmək, bölgənin təhlükəsizliyinə, sabitliyinə töhfə vermək üçün Kabulda dünya ölkələrinin parlament nümayəndələrindən ibarət konfransın keçirilməsinə dəstək almaqdır.
Qonaq diqqətə çatdırmışdır ki, bu məqsədlə də ilk səfərimizi dost və qardaş Azərbaycana etmişik. O, ölkəsinin qarşılaşdığı problemlərin həllində daim Azərbaycanın yardımını və dəstəyini hiss etdiklərini minnətdarlıq duyğusu ilə vurğulamışdır.
Z.Əsgərov erməni terrorundan əziyyət çəkən, ərazisinin bir hissəsinin Ermənistanın işğalı altında olan Azərbaycanın belə məsələlərə həssaslıqla yanaşdığını deyərək bildirmişdir ki, narkotik vasitələrə qarşı mübarizə də ölkəmizin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindəndir.
Parlamentlərarası əlaqələr barədə də fikir mübadiləsinin aparıldığı görüşdə əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edilmişdir.