RƏSMİ XRONİKA
MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Əvvəlcə Milli Məclisin sədri Oqtay Əsədov ilə Litva Prezidenti Valdas Adamkus arasında təkbətək görüş oldu. Sonra görüş geniş tərkibdə davam etdirildi.
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanla Litva Respublikası arasındakı dostluq əlaqələrinin tarixindən danışdı və dedi ki, müstəqillik əldə etmiş ölkəmiz bütün demokratik dövlətlərlə əlaqələr qurmuşdur. Avropa ailəsinin dəyərli üzvü kimi Azərbaycan Litva ilə də əlaqələrin inkişafında maraqlıdır və əminik ki, Prezident Valdas Adamkusun Bakıya bu səfəri əməkdaşlığın hərtərəfli inkişafına təkan verəcəkdir. Sizin Prezident İlham Əliyevlə görüşünüz zamanı apardığınız danışıqlar münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan iqtisadiyyatı son illər dinamik inkişaf edir və ölkəmizdə xarici sərmayədarlar üçün əlverişli şərait var. Əminəm ki, Litva Respublikasının iş adamları ölkəmizin iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoyacaqlar.
Parlamentin sədri Azərbaycanın demokratik inkişafı, həyata keçirilən hüquqi, iqtisadi islahatlar, qazanılan uğurlar barədə ətraflı məlumat verdi. Azərbaycanın regionun ən sürətlə inkişaf edən ölkəsi olduğunu, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin artıq istifadəyə verildiyini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin isə ilin sonuna qədər başa çatdırılacağını xatırlatdı.
Oqtay Əsədov parlamentlərarası əlaqələrdən danışaraq, Milli Məclisdə Litva parlamenti ilə dostluq qrupunun yaradıldığını bildirdi, ali qonağın bu səfərindən sonra parlamentlərimiz arasında da münasibətlərin genişlənəcəyinə, inkişaf edəcəyinə ümidvar olduğunu söylədi.
Prezident Valdas Adamkus ona və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. Azərbaycana səfərindən məmnun qaldığını vurğulayan ali qonaq keçirdiyi görüşlərdən, Prezident İlham Əliyevlə apardığı danışıqlardan razılığını ifadə etdi. O dedi ki, Azərbaycanın dinamik inkişafı, az bir vaxtda əldə olunan uğurlar bizdə böyük maraq doğurmuşdur. İnanırıq ki, ölkələrimiz arasında əlaqələr bundan sonra daha da inkişaf edəcək və genişlənəcəkdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.