SİYASƏT
MİLLİ MƏCLİSDƏ MÜŞAVİRƏ
Sentyabrın 7-də parlamentin spikeri Murtuz Ələsgərovun sədrliyi ilə Milli Məclisin daimi komissiyaları sədrlərinin və Aparatın şöbə müdirlərinin müşavirəsi keçirilmişdir.
Müşavirəni giriş sözü ilə açan parlamentin sədri Milli Məclisin daimi komissiyalarının artıq işə başladığını vurğuladı, payız sessiyasında müzakirə olunacaq mühüm qanun layihələrindən və qarşıda duran vəzifələrdən danışdı. Spiker qeyd etdi ki, daimi komissiyalar müvafiq təşkilatların rəhbərləri ilə birlikdə qanun layihələrini ciddi şəkildə müzakirə etməli və parlamentin müzakirəsinə verməlidirlər.
Sonra söz Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev çıxış etdi. O, keçən ilin payız, 2001-ci ilin yaz və növbədənkənar sessiyalarında Milli Məclisin tam gücü ilə və məhsuldar işlədiyini, Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi, respublikada aparılan islahatların qanunvericilik təminatı üçün əhəmiyyətli işlər gördüyünü qeyd etdi, bu il Oktyabrın 1-də öz işinə başlayacaq payız sessiyasında keçən sessiyadan qalan qanun layihələrinin və yeni hüquqi sənədlərin müzakirə ediləcəyi barədə məlumat verdi.
Milli Məclis Aparatının rəhbəri bildirdi ki, payız sessiyasında “Azərbaycan dilinin işlənilməsi və qorunması haqqında”, “Təhsil haqqında”, “Elm, dövlət elmi-texniki siyasəti haqqında”, “Gənclər siyasəti haqqında” və başqa qanun layihələrinin müzakirəsi davam etdiriləcək, “2002-ci ilin dövlət büdcəsinin təsdiq edilməsi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Xaricdəki həmvətənlərə münasibətdə Azərbaycan Respublikasının dövlət siyasəti haqqında”, “Bakı şəhərinin statusu haqqında”, “Siyasi partiyalar haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Yerli /bələdiyyə/ vergilər və ödənişlər haqqında”, “Ekoloji sığorta haqqında”, “Korrupsiya ilə mübarizə haqqında”, “Alternativ xidmət haqqında” və sair hüquqi sənədlər parlamentin müzakirəsinə veriləcəkdir.
Mvşavirədə Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, parlament sədrinin müavinləri Ziyafət Əsgərov və Gövhər Baxşəliyeva, Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov, Regional məsələlər daimi komissiyasının sədri Zahid Qaralov, Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Asya Manafova, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini Əli Hüseynov, Mədəniyyət məsələləri daimi komissiyası sədrinin müavini Vaqif Vəkilov payız sessiyasında müzakirə olunacaq qanun layihələrinə münasibətlərini bildirdilər.
Milli Məclisin sədri Murtuz Ələsgərov müşavirəyə yekun vuraraq, qarşıdakı payız sessiyasında deputatların fəal iştirakının vacibliyini, yaxın günlərdə sessiyanın ilk iclasının gündəliyinin müzakirə və təsdiq ediləcəyini bildirdi və müşavirə iştirakçılarına uğurlar arzuladı.
Milli Məclisin Mətbuat
xidməti