SİYASƏT
Milli Məclisdə Ombudsmanların XI Beynəlxalq konfransının iştirakçıları ilə görüş keçirilmişdir
Bakı, 19 iyun (AZƏRTAC). İyunun 19-da Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən Ombudsmanların XI Beynəlxalq konfransının iştirakçıları ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan birinci vitse-spiker İnsan Hüquqları Günü və BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 65 illiyi münasibətilə keçirilən konfransın insan haqlarının qorunması sahəsində əhəmiyyətini yüksək qiymətləndirmişdir. Z.Əsgərov konfransın insanların siyasi, sosial və mədəni haqlarının təmin edilməsi istiqamətində təbliğat baxımından da faydalı olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinə böyük önəm verilir və bu, ölkədə qəbul olunmuş “Azərbaycan 2020: Gələcəyə baxış” konsepsiyasının mühüm tərkib hissəsidir.
Qonaqlara ölkəmizdə iqtisadi, siyasi, humanitar, mədəni sahələrdə gedən inkişaf, əldə edilmiş nailiyyətlər haqqında məlumat verən Z.Əsgərov bildirmişdir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra 1995-ci ildə qəbul etdiyi Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilmişdir. Parlamentdə bununla bağlı kifayət qədər qanunvericilik aktları qəbul olunmuş, ölkəmiz insan haqlarının qorunmasına dair bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdur.
Qazanılmış uğurlarla yanaşı, mövcud problemlərdən də söz açan Ziyafət Əsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizdə 1 milyondan çox qaçqın və məcburi köçkünün olduğunu diqqətə çatdırmışdır. Onların hüquqlarının qorunmasının vacibliyinə toxunan vitse-spiker bu məsələdə beynəlxalq dəstəyin əhəmiyyətini xüsusi qeyd etmişdir.
Görüşdə çıxış edən YUNESKO-nun Moskva bürosunun sosial və humanitar məsələlər üzrə müavini Alla Ampar səmimi görüşə və Azərbaycanın konfransı yüksək səviyyədə təşkil etməsinə görə minnətdarlığını bildirmişdir.
Digər ölkələrin ombudsmanları öz çıxışlarında ölkəmizdə gedən inkişafın onlarda xoş təəssürat yaratdığını söyləmiş və qeyd etmişlər ki, Azərbaycan həm iqtisadi sahədə uğurlarına, həm də dövlət tərəfindən insanlara qayğı və dəstəyə görə bir çoxlarına nümunə ola biləcək bir ölkədir.