SİYASƏT
Milli Məclisdə qəbul
Milli Məclisin sədri Murtuz Ələsgərov iyulun 28-də İraqın vəqflər və dini işlər naziri Əbdül Muneym Əhməd Salehi və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
Parlamentin sədri qonaqları salamlayaraq ölkələrimiz arasında dostluq münasibətlərinin olduğunu vurğuladı və xatırlatdı ki, Azərbaycan öz istiqlaliyyətini elan etdikdən sonra İraq respublikamızın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən olmuşdur. İraq Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləmişdir, respublikamızın parlamentində Azərbaycan-İraq dostluq qrupu fəaliyyət göstərir. Son illərdə ölkələrimizin mədəniyyət və incəsənət xadimləri arasında əlaqələr uğurla inkişaf edir. Bu yaxınlarda İarqda Azərbaycan mədəniyyət günləri müvəffə
qiyyətlə keçmişdir. Azərbaycanlı zəvvarlar İraqdakı müqəddəs yerləri tez-tez ziyarət edirlər.
Milli Məclisin sədri onu da bildirdi ki, Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra ölkəmizdə xeyli yeni məscidlər tikilmişdir və hazırda respublikada 1200-dən çox məscid fəaliyyət göstərir.
Səmimi qəbul üçün təşəkkür edən cənab Əhməd Saleh ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı.
Nazir bildirdi ki, onun ölkəsi Azərbaycanın öz ərazi bütövlüyü uğrunda mübarizəsini dəstəkləyir və gələcəkdə də dəstəkləyəcəkdir.
Qəbulda Qafqaz müsəlmanları idarəsinin sədri şeyxülislam Haçı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev, İraqın Bakıdakı səfiri Qalib Əbdül Hüseyn əl-Təmimi iştirak edirdilər.